Bəzən bir insanın həyatı başqa bir insanın cəsarətindən başlayır. Kiminsə “bəli” cavabı başqa bir ürəyin döyünməsi, bir nəfəsin geri qayıtması deməkdir. Məhz bu ümid və humanizm hissini paylaşmaq məqsədilə Azərbaycan Dillər Universitetində (ADU) Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin təşəbbüsü ilə maarifləndirici görüş təşkil olunub.
Tədbiri giriş sözüylə ADU-nun Beynəlxalq Münasibətlər və Regionşünaslıq fakültəsinin dekan müavini, tarix üzrə fəlsəfə doktoru, dosent Namiq Kərimov açıb. O, çıxışında insan həyatının dəyərindən, paylaşmağın böyüklüyündən danışaraq bildirib:
“Orqan donorluğu sadəcə tibbi prosedur deyil, insanın insana verdiyi ən saf, ən dəyərli hədiyyədir. Bu addım mərhəmətin, insanlığın və həyat sevgisinin ifadəsidir.”
Ardınca çıxış edən Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədr müavini Günay Abbasova vurğulayıb ki, donorluq anlayışı cəmiyyətdə yalnız sağlamlıqla deyil, həm də mənəvi bütövlüklə bağlıdır:
“Bir donorun qərarı bir neçə insana yeni həyat bəxş edə bilər. Bu, insanlığın ən ali göstəricisidir.”
Tədbirdə həmçinin Mərkəzin həkim-koordinatoru Mehriban Əliyeva çıxış edərək donorluğun əhəmiyyətinə toxunub, beynəlxalq təcrübədən maraqlı faktlar bölüşüb və Azərbaycanda bu istiqamətdə görülən işlərdən danışıb.
Görüş boyu tələbələr böyük maraq və səmimiyyətlə müzakirələrə qoşulublar. Onlar donorluğun tibbi və hüquqi tərəfləri ilə bağlı maraqlı suallar səsləndiriblər. Mərkəzin nümayəndələri hər bir suala diqqət və anlayışla cavab veriblər, həyatın dəyəri üzərində dayanaraq tələbələri düşünməyə sövq ediblər.
Görüşün sonunda orqan donorluğunun insana ümid və yaşamaq gücü bəxş etdiyini göstərən maarifləndirici videoçarx nümayiş etdirilib.
Tədbirin sonunda bir qrup tələbə ölümdən sonra donor olmaq üçün Səhiyyə Nazirliyinin Kollegiyası tərəfindən təsdiqlənmiş razılıq ərizəsini imzalayıb. Çünki hər imza bir ümidin, hər qərar bir həyatın başlanğıcıdır.